“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri dizin çarpaz bağ zədəsindən bərpa mərhələsi haqda söhbət açıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan futbolçunun bu barədə məlumatını təqdiim edir:
“Olsun ki, mən həmişə bunun həyatın bir hissəsi olduğunu deyirəm. İdmançılar müvafiq xüsuslara alışırlar. Ancaq mən hər bir xüsusu olduğu kimi qəbul etdiyim mənada çox müsbət bir insanam. Həmişə hər şeyə görə tanrıya şükürlər edirəm və bu anlarda nikbin olmağa çalışıram. İndi mən məşq edirəm və bədənimin digər hissələrini gücləndirməklə məşğulam”, deyə yarımmüdafiəçi vurğulayıb.
Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.