Rud van Nistelroy “Çelsi” ilə heç-heçədən pərişan olub

“Mançester Yunayted”in baş məşqçi əvəzi Rud van Nistelroy İngiltərə Premyer Liqasının “Çelsi” ilə 10-cu tur ev oyununu (1:1) şərh edib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, ümumilikdə çox yaxşı oyun oldu. Futbolçular meydanın hər qarışı uğrunda çox yaxşı mübarizə apardılar. Buna baxmaq çox gözəl idi. Yaratdığımız bütün fürsətləri nəzərə alsaq, daha bir qol vurub qalib gələ də bilərdik. Bunu edə bilmədiyimiz təəssüf doğurur. Ümumiyyətlə, qalib gəlmədiyimiz üçün azacıq pərişan oldum.

Bu, duyğusal eniş-yoxuş idi – demək olar ki, bütün həftə ərzində çox hadisələr baş verdi. Mənim işim komandada tarazlığı qorumaqdır. Mən bura kluba istənilən işdə kömək etmək üçün gəlmişəm. Bu iki oyundan sonra ümidvaram ki, hər şey bizim xeyrimizə olacaq.

Bu şəhərə və kluba qayıtmaq xüsusi bir duyğudur. Hər dəqiqədən həzz alıram. Klubun, şəhərin və azarkeşlərin mədəniyyətini paylaşmağa çalışıram. Bu, vacib hissədir. Şadam ki, bu anları paylaşa bildim və oyunçulara komandanın ruhunu anlamağa kömək edə bildim”, deyə Rud van Nistelroy vurğulayıb.

10 turdan sonra 12 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Çelsi” isə 18 xalla 4-cü sıradadır. Premyer Liqaya 25 xalla “Liverpul” başçılıq edir.

Xəbəri istədiklərinizlə paylaşın