Rüstəm Əhmədzadə: “Milliyə dəvət alanda yaxşı mənada təəccübləndim”

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadə sabah Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Ukraynanın “Minay” klubunun futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm.

Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi. Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu.

Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.

Qeyd edək ki, iyunun 6-da Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.