Sənan Qurbanov: “Xarakter formalaşdırmaq asan deyil”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Millinin oyunları ilə əlaqədar yaranan fasilədə yaxşı hazırlıq prosesi keçdik. Həm psixoloji, həm də emosional cəhətdən bizə lazım olan məqamlara diqqət yetirdik. “Qarabağ” və “Sabah”la oyunlarda xarakter göstərməyimiz bizi sevindirmişdi. Xarakter formalaşdırmaq asan deyil. Bəlkə də, məğlubiyyətlər komandada belə bir xarakter yaratdı.

Oyunun hər iki komanda üçün çətin olacağını bilirdik. Ancaq maraqlı mübarizə alındı. “Səbail”də də Aftandil Hacıyev çox yaxşı komanda qurub. Hər iki komanda ilk dəqiqədən sona qədər meydanda dayanmadı. Birinci hissədə daha çox qol imkanlarımız oldu. Dəyərləndirsəydik, bəlkə bizim üçün daha asan olardı. Qəbələ bizə çox lazım idi.

Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra “qara zolaq”dan çıxdığımızı demək olar. Yaxşı günlər yaşamadıq. Amma bu o demək deyil ki, oyundan-oyuna nəsə dəyişəcək. Sadəcə, yanaşmamızı dəyişməməliyik. Uduzduğun zaman yeni həftəyə neqativ halda başlayırsan. Ancaq qələbə qazandığın zaman işlədiyin plan dəyişməz olaraq qalır. Bunu da pozitiv həyata keçirməyə çalışırsan. Bu yöndə çox fərq edir. Qələbə qazanmaq bizim məsuliyyətimizi artırır. İşə tam köklənmək mənim əsas prinsipimdir. Futbolçulara da çatdırırıq ki, həyatımızı tam təşkil edən futbol olmalıdır. Ona heç nə maneçilik törədə bilməz.

Anatole Abanqın ikinci hissədə meydana çıxması fiziki durumla əlaqəli deyil. O, komanda ilə məşqlər edir. “Sumqayıt”la yoxlama görüşündə də meydana start heyətində çıxmışdı. Sadəcə, bu gün planımız onun ikinci hissədə mübarizəyə qoşulması yönündə idi. Onu ikinci hissəyə saxlamışdıq, şükürlər olsun ki, ümidlərimizi doğrultdu. Aqressiv, sürətli futbolçudur. Bilirdik ki, bu görüşdə təkbətək epizodlar çox olacaq. Xüsusən də, ikinci hissədə. Təkbətək epizodlardan üstün ayrılmaq üçün iri cüssəli futbolçuya ehtiyacımız var idi. Bu da ikinci hissədə gözləntilərimizi doğrultdu.

Rəhman Hacıyevin iştirak ərizəsinə salınmamasına gəlincə, onun zədəsi var. “Sumqayıt”la yoxlama görüşü keçirəndə arxa əzələsində ağrılar hiss etdi və əvəzlədik. Risk etmək istəmədik. Həkimlər onun növbəti həftədən komandaya qoşulacağını deyir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: