“Beşiktaş”ın sabiq baş məşqçisi Sərgən Yalçın yenidən Super Liqa təmsilçisinin “sükanı arxasına” keçəcəyi barədə iddialara cavab verib.
Arena.az xəbər verir ki, o, bu iddialarla bağlı jurnalist Sərdar Sarıdağın sualını belə cavablandırıb:
“Bundan əvvəl “Fənərbaxça” ilə də bağlı oxşar durum var idi. Həmin vaxt bu komandanı Jorje Jesus çalışdırırdı. Ona görə həmin vaxt baş məşqçisi olan komanda barədə danışmağın doğru olmadığını söyləmişdim. İndi də “Beşiktaş” komandasının başında Rıza Çalımbay var. Bir komandanın baş məşqçisi olduğu müddətdə həmin komanda barədə danışmağım mənim prinsiplərimə ziddir”.
Sərgən “Beşiktaş”ın düşdüyü durumdan da söz açıb: “Allah “Beşiktaş”ın yolunu açıq etsin. Çətin zamanlardan keçir. Yeni rəhbərliyin də yolu açıq olsun. Rıza Çalımbaya dəstək verilməsi lazımdır. Mən “Beşiktaş”la bağlı heç kimlə danışmadım, danışmayacağam da. Çünki komandanın hazırda baş məşqçisi var. Ayıb olar”.
Xatırladaq ki, Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020/2021 mövsümündə isə o, “Beşiktaş”ın əsas komandası ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsizdir.
Bu il iyun ayının ortalarında “Neftçi” rəhbərliyi Sərgən Yalçını baş məşqçi postuna namizəd kimi Bakıya dəvət etsə də, onlar razılığa gələ bilməmişdilər. Daha sonra klub rəhbərliyi rumıniyalı Adrian Mutu ilə razılığa gəlmişdi.
Bahar Rüstəmzadə



