“Beşiktaş”ın sabiq baş məşqçisi Sərgən Yalçın yenidən İstanbul klubunun “sükanı arxasına” keçəcəyi barədə xəbərlərə münasibət bildirib.
Arena.az xəbər verir ki, bir neçə gün öncə klubun idarə heyətinin üzvü Feyyaz Uçar Sərgən Yalçının da namizədlər arasında olduğunu açıqlamışdı:
“Sərgən “Beşiktaş”ın doğma övladıdır. Təbii ki, namizədlər arasında o da var”.
Lakin Sərgən Türkiyə mətbuatına açıqlamasında ona heç bir təklif gəlmədiyini açıqlayıb:
“Feyyaz Uçarın açıqlamasına baxmışam, ancaq bu vaxta qədər mənə təklif edən olmayıb. “Beşiktaş”dan bir təklif gələrsə, o zaman düşünəcəyəm”.
Xatırladaq ki, “Beşiktaş”da Rıza Çalımbayın istefasından sonra baş məşqçinin kim olacağı maraq doğurur. Namizədlərdən biri də Sərgən Yalçındır. Avropanın müxtəlif ölkələrindən olan məşqçilərin də “qara qartallar”ın sükanı arxasına keçəcəyi barədə xəbərlər dolaşır. Lakin klub rəhbərliyi hələlik seçim etməyə tələsmir.
Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020/2021 mövsümündə isə o, “Beşiktaş”ın əsas komandası ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsizdir.
Bu il iyun ayının ortalarında “Neftçi” rəhbərliyi Sərgən Yalçını baş məşqçi postuna namizəd kimi Bakıya dəvət etsə də, onlar razılığa gələ bilməmişdilər. Daha sonra klub rəhbərliyi rumıniyalı Adrian Mutu ilə razılığa gəlmişdi.
Bahar Rüstəmzadə



