Sərgən Yalçın: “Neftçi”nin büdcəsi istədiyim kimi deyildi”

“Neftçi”nin Adrian Mutudan əvvəl baş məşqçi postuna gətirmək istədiyi Sərgən Yalçın Türkiyə mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan klubu ilə niyə anlaşa bilmədiyinə də aydınlıq gətirib:

“Neftçi” ilə Bakıda görüşdük. Əslində gözəl görüş keçdi. Amma maddi problemlər var idi. Öz müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi. Azərbaycana oyunçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyildilər”.

Yalçın “Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Beşiktaş”ı çalışdırarkən klub rəhbərliyinin ona münasibətdə xoş davranmamasından da şikayətlənib:

“Beşiktaş”la çempion olduqdan sonra “artıq işimiz daha da çətin olacaq” demişdim. Çünki uğuru paylaşmaq çətin olur, hər kəs öz üzərinə çəkməyə çalışır. 45 günlük imza müddəti… Çempion olmuş bir adamla, ertəsi gün müqavilə imzalamalısan. Müddətin o qədər uzadılmaması lazımdır. Çempion olmuş baş məşqçi medianın ağzına verməməlisən. O müddət bizi çox məyus etdi”.

Sərgən əsas hədəfinin Türkiyə millisini çalışdırmaq olduğunu da bildirib: “Mənim hədəfim milli komandadır. Millidə çalışmağı çox gözlədim. Ora bizim üçün çox uyğun idi. Hazırda yığmanın baş məşqçisi var, səhv anlaşılmasın. O, mənimlə bağlı cəfəng şeylər danışmışdı, amma mən onunla bağlı danışmayacağam”.

Xatırladaq ki, Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalra rəhbərlik edib. 2020/2021 mövsümündə isə o, “Beşiktaş”ın əsas komandası ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsizdir.

Bu il iyun ayının ortalarında “Neftçi” rəhbərliyi Sərgən Yalçını baş məşqçi postuna namizəd kimi Bakıya dəvət etsə də, onlar razılığa gələ bilməmişdilər. Daha sonra klub rəhbərliyi rumıniyalı Adrian Mutu ilə razılığa gəlmişdilər.

Xəbəri istədiklərinizlə paylaşın