“Beşiktaş”ın sabiq baş məşqçisi Sərgən Yalçın bundan sonra Türkiyə Super Liqasının digər təmsilçisi “Antalyaspor”u çalışdıracaq.
Arena.az xəbər verir ki, bir neçə gün öncə Nuri Şahinlə yollarını ayıran Antalya təmsilçisi onu 51 yaşlı mütəxəssislə əvəzləməyə qərar verib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmasa da, Türkiyə mətbuatı anlaşmanın bu mövsümün sonuna qədər olduğunu yazıb.
Xatırladaq ki, Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunan Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. Türkiyəli mütəxəssis həmin dövrdən bəri işsiz idi.
Bu il iyun ayının ortalarında “Neftçi” rəhbərliyi Sərgən Yalçını baş məşqçi postuna namizəd kimi Bakıya dəvət etsə də, onlar razılığa gələ bilməmişdilər. Daha sonra klub rəhbərliyi rumıniyalı Adrian Mutu ilə razılığa gəlmişdi.
“Antalyaspor”u isə 2021-ci ilin oktyabrından Nuri Şahin çalışdırırdı. Bu müddətdə Antalya təmsilçisi onun rəhbərliyi altında 92 oyun keçirib, 38 qələbə qazanıb, 23 heç-heçə edib və 31 məğlubiyyətə üzülüb. 35 yaşlı mütəxəssis bir müddət öncə Almaniyanın “Borussiya” (Dortmund) klubundan aldığı sərfəli təklifə görə “Antalyaspor”la vidalaşmalı olub. Artıq Bundesliqa təmsilçisində baş məşqçinin köməkçisi kimi çalışmağa başlamış gənc mütəxəssisin gələn mövsümdən bu komandaya rəhbərlik edəcəyi bildirilir.
“Antalyaspor” bu mövsüm keçirdiyi 17 oyunda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Sözügedən komanda 24 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.



