Bu gün “Sabah”, “Neftçi” və “Qəbələ” komandalarının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bilinib.
Arena.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Bakı vaxtı ilə saat 15:00-da başlayan püşkatmada “Neftçi” “səpələnmişlər”, “Sabah” və “Qəbələ” isə “səpələnməmişlər” səbətində yer almışdı.
Püşkün nəticəsinə əsasən, “Qəbələ” Kipr təmsilçisi “Omoniya” ilə qarşılaşacaq.
“Neftçi” 1-ci təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
“Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibinə rəqib olacaq.
Püşkə əsasən, “Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.
Xatırladaq ki, Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılıb. Bu mərhələnin oyunları 13 və 20 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə 27 iyulda, cavab görüşləri 3 avqustda baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
“Qəbələ” – “Omoniya” (Kipr)
“Jelezniçar” (Bosniya və Herseqovina)/“Dinamo” (Minsk, Belarus) – “Neftçi”
“Makedoniya” (Şimali Makedoniya)/RFS (Latviya) – “Sabah”


