Noyabrın 18-23-ü aralığında İspaniyanın Linares şəhərində qadınlardan ibarət milli komandalar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutmuş son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilmiş Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcəklər.
Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan yığma komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.
Şahmat üzrə Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Azərbaycan – Özbəkistan matçının baş hakimi Faiq Həsənov olacaq.
Yarışın açılış mərasimi noyabr 1-də saat 11:00-da başlayacaq.


 
                     
                     
                    













































