Eltac Səfərli Batumidə qızıl medala layiq görüldü

Azərbaycan şahmatçısı Eltac Səfərli Gürcüstanda keçirilmiş şahmat üzrə Avropa çempionatında qızıl medala layiq görülüb.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Gürcüstanın Batumi şəhərində təşkil edilmiş şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib. Tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənmiş şahmatçılar da təltif olunublar. Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanmış Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutmuş kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: