Murad Fətiyev DÇ-də 3-cü oldu, millimiz tarixi rekorda imza atdı

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda böyüklər arasında təşkil edilmiş dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyevilk görüşündə Yunanıstan təmsilçisi Teodoros Tselidisi məğlub edib. Ardınca o, Estoniyadan Klen Kristofer Kaljulaidi üstələyərək 1/4 finala yüksəlib. Bu mərhələdə fransalı Aleks Mitroviçə qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Goki Tacimaya uduzub. Bürünc medal uğrunda görüşdə Fətiyev Serbiya təmsilçisi Nemanya Maydovu məğlub edərək dünya çempionatının bürünc medalçısı olub.

Digər 90 kq çəkidə çıxış edən Elcan Hacıyev ilk iki görüşündə ABŞ-dan Aleksandr Knauf və Kanadadan Kiqan Yanqa qalib gəlsə də, 1/8 finalda fransalı Maksim-Qel Nqayap Ambuya uduzub. Süleyman Şükürov isə ilk görüşündə norveçli Kornelius Eylertsenə qalib gəlib, 1/16 finalda Goki Tacimaya məğlub olub.

70 kq çəki dərəcəsində Səadət Ağayeva isə startda ispaniyalı Ay Tsonoda-Rustanda uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Kotsoyev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Bu nəticə Azərbaycan cüdosu üçün dünya çempionatları tarixində rekord göstəricidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: