Mikel Arteta dünyanın ən yüksək maaş alan məşqçisi oldu!

London “Arsenal”ının ispaniyalı baş məşqçisi Mikel Arteta dünyanın ən yüksək maaş alan futbol məşqçilərinin reytinqinə başçılıq edir.

Arena.az xəbər verir ki, İspaniyanın “La Vanguardia” nəşrinin məlumatına görə, London klubu ilə müqaviləsini yeniləyən 44 yaşlı mütəxəssisin illik maaşı 26 milyon avroya çatıb.

Bildirilir ki, Artetanın əvvəlki müqaviləsi üzrə illik qazancı təxminən 17,3 milyon avro təşkil edirdii. Yeni anlaşmadan sonra ispaniyalı məşqçi bu göstərici üzrə dünya futbolunda ilk pilləyə yüksəlib.

Reytinqdə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi Simone İnzaqi tutur. İtaliyalı mütəxəssisin illik maaşı 25,7 milyon avrodur. İlk üçlüyü isə 23,2 milyon avro illik qazancı olan Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone tamamlayır.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun London klubu ilə yeni müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. İspaniyalı mütəxəssisin rəhbərliyi altında “topçular” 2025/2026-cı illər mövsümündə İngiltərə çempionu olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: