“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azər Bağırov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Neçə oyundur uduzurduq. Qələbə qazana bilmədiyimizə görə, futbolçuların üzərində böyük təzyiq var idi. Amma bu gün ilk dəqiqələrindən qələbə ruhunu uşaqlarda gördüm. Yaxşı hücum qurduq, qol vurduq. Ümumilikdə, istədiyimiz oyunu sərgiləyə bildik. “Qəbələ”nin də yaxşı futbolçularının olduğunu bilirik. Rəqibə o imkanları vermədik və qalib gəldik. Üzərimizdən bir az da olsa, məğlubiyyətlərin, qələbəsizliyin stressi götürüldü.
Hamı bizə 3 xal gözü ilə baxır. Biz isə belə baxmırıq. Qarşımızda bir məqsəd var. 4-cü və ya 5-ci yeri tutmalıyıq kimi bir hədəflər də qoymamışıq. Hər növbəti oyun barədə düşünürük. Sonda necə olacaq, hansı yerdə olacağıq, zaman göstərəcək”.
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Şamaxı”nı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik. Belədə, rəqibə hədiyyə etmiş olduq. İkinci hissə başlayanda qapıçımız qırmızı vərəqə ilə cəzalandırıldı. Bu cür ciddi liqada bir nəfər azlıqda oynamaq çətindir. Elə bunun da nəticəsində daha bir qol buraxdıq. Belə səhvlər futbolda olur. Çalışırıq ki, bu cür səhvlərə yol verməyək. Birinci hissədə bir neçə qol imkanımzı var idi. Sona yaxın da qol fürsətləri əldə etdik. Sadəcə, ikinci hissənin əvvəlində qırmızı vərəqə almağımız bizi pis vəziyyətə saldı.
Xeyr, futbolçularla heç bir problemimiz yoxdur. Sadəcə belə oyundan sonra onlar da əsəbi olurlar. Hansısa oyunçu dəyişiklik zamanı gəlib mənimlə görüşməyə məcbur deyil. Bu, mənim üçün önəmli deyil”.


