Braziliyanın “Palmeyras” klubu futbol üzrə Libertadores Kubokunun finalında Argentinanın “Estudiantes” komandasına qalib gəlib.
Arena.az xəbər verir ki, Montevideodakı “Sentenario” stadionunda keçirilmiş qarşılaşmada “Palmeyras” 1:0 hesabı ilə qalib gəlib. Matçın taleyini 52-ci dəqiqədə Ramon Sosa müəyyənləşdirib.
Bu, sözügedən klubun tarixində Libertadores Kubokunda 4-cü çempionluğudur. Braziliya təmsilçisi daha əvvəl 1999, 2020 və 2021-ci illərdə turnirin qalibi olub.
Qeyd edək ki, “Palmeyras” portuqaliyalı baş məşqçi Abel Ferreyranın rəhbərliyi altında üçüncü dəfə Libertadores Kubokunu qazanıb. Bu göstərici ilə Ferreyra argentinalı Osvaldo Subeldia ilə birlikdə turnirin ən uğurlu məşqçiləri sırasında yer alır. Rekord isə 4 kubok qazanmış Karlos Byankiyə məxsusdur.
“Estudiantes” isə Libertadores Kubokunu daha əvvəl 4 dəfə – 1968, 1969, 1970 və 2009-cu illərdə qazanıb. Turnirin rekordçusu 7 çempionluqla Argentinanın “İndependiente” klubudur.
“Palmeyras”ın qələbəsi ilə Braziliya klublarının Libertadores Kubokundakı ümumi çempionluq sayı 26-ya çatıb. Braziliya bu göstərici ilə 25 titul qazanmış Argentinanı geridə qoyub.
Bundan əlavə, Braziliya klubları turnirin tarixində yeni rekorda imza ataraq ardıcıl səkkiz mövsüm kuboku qazanıblar. İndiyədək heç bir ölkənin klubları belə nəticə göstərməyib. Argentina klublarının ən uzun qələbə seriyası isə ardıcıl dörd mövsüm təşkil edib.


