İsveçrə millisinin sabiq futbolçusu Ramon Veqa FİFA prezidenti postuna keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Arena.az xəbər verir ki, 55 yaşlı sabiq müdafiəçi bu barədə “The Athletic”ə müsahibəsində danışıb:
“Namizədliyimi irəli sürürəm, çünki həyatım məni bu oyuna xidmət etməyə hazırlayıb. Hesab edirəm ki, futbola – onun dürüstlüyünə, insanlarına və gələcəyinə – müdafiə etmək və sahib çıxmaq borcum, sosial məsuliyyətim var.
Futbol ailəsində inam və etimad ciddi şəkildə sarsılıb. Hər ikisini bərpa etməli, FİFA-nın nüfuzunu qaytarmalı və qlobal futbol ailəsini yenidən birləşdirməliyik”, – deyə Veqa bildirib.
Qeyd olunur ki, Veqanın seçkilərdə iştirak hüququ qazanması üçün ən azı 5 FİFA üzvü federasiyanın dəstəyini alması tələb olunur.
Hazırda FİFA prezidenti Canni İnfantinodur. İsveçrəli funksioner 2016-cı ilin fevralında bu vəzifəyə seçilib, daha sonra iki dəfə alternativsiz şəkildə yenidən prezident seçilib. Növbəti FİFA prezident seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. İnfantino da seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Ramon Veqa karyerası ərzində “Tottenhem”, “Qrasshopper”, “Kalyari” və “Seltik” klublarında çıxış edib. İsveçrəli futbolçu “Tottenhem”in heyətində 1999-cu ildə İngiltərə Liqa Kubokunun qalibi olub.


