“Everton” satışa çıxarıldı

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan və “The Friedkin Group”a məxsus olan “Everton” klubu satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun sahibi olan “The Friedkin Group” (TFG) şirkəti Premyer Liqa təmsilçisinin satılması ilə bağlı qərar qəbul edib. Şirkət bunun üçün klubun gələcək inkişafına töhfə verə biləcək potensial alıcıların təkliflərini nəzərdən keçirməyə hazırdır:

“TFG “Everton”un idarəçiliyini üzərinə götürəndə klub həm maliyyə baxımından ciddi qeyri-müəyyənliklə, həm də meydanda və meydandan kənarda çətinliklərlə üzləşmişdi. İlk növbədə klubun gələcəyini təmin etmək üçün lazımi sabitliyi, investisiyaları və dəstəyi yaratmaq, o cümlədən sadiq azarkeşlərimizə çoxdan vəd edilmiş yeni stadionun tikintisinin başa çatdırılmasına kömək etmək lazım idi.

İndi bu təməl etibarlı şəkildə qurulduğuna görə “Everton”un inkişafının növbəti mərhələsi barədə düşünmək üçün münasib vaxtdır. Yalnız klubun layiqli sahibi ola biləcəyinə, onu irəli aparacağına və əldə edilmiş uğurları inkişaf etdirəcəyinə inandığımız tərəflərin təkliflərini nəzərdən keçirəcəyik”, – deyə şirkətin bəyanatında bildirilib.

Qeyd edək ki, “The Friedkin Group” 2024-cü ildə “Everton”u satın alıb. Liverpul təmsilçisi ötən mövsüm İngiltərə Premyer Liqasını 13-cü pillədə başa vurub. Cari mövsümdə isə komanda 5 turdan sonra 9 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: