Şahmat millimiz Olimpiadada 5-ci oldu

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında sonuncu oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, bu gün Olimpiadada sonuncu – 11-ci turun görüşləri baş tutub.

Azərbaycanın kişilərdən ibarət milli komandası son turda Serbiya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib. Məhəmməd Muradlı partiyasında qələbə qazanıb, Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı isə heç-heçə ediblər.

Beləliklə, kişilərdən ibarət millimiz 17 xalla turniri 5-ci pillədə başa vurub.

Qadınlardan ibarət millimiz isə son turda İranı 3:1 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva qələbə qazanıb, Xanım Balacayeva və Günay Məmmədzadə isə heç-heçə edib. Qadın millimiz 15 xalla yekun sıralamada 16-cı olub.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi bu Olimpiadada Mərakeş (4:0), Filippin (3:1), İsveçrə (3:1), Argentina (2,5:1,5), Yunanıstan (3,5:0,5) və Bolqarıstana (2,5:1,5) qalib gəlib. Komandamız Çexiya (2:2), Rumıniya (2:2) və Hindistan (2:2) ilə heç-heçə edib, Ermənistana (1,5:2,5) məğlub olub.

Qadınlardan ibarət şahmat millimiz isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5), Serbiya (3:1) və Çexiyanı (4:0) məğlub edib. Komandamız Argentina (2:2) ilə heç-heçə edib, Qazaxıstan (1,5:2,5), Ermənistan (1,5:2,5) və Sloveniyaya (0,5:3,5) uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: