Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasında Azərbaycanla oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Yankauskas Azərbaycan millisinin Litvanın əvvəlki rəqibi Lixtenşteyndən daha güclü və texnikalı olduğunu bildirib:
“Lixtenşteynlə oyunun çox resurs tələb etmədiyini demək olar. Futbolçularımız lazımi nəticəni əldə etdilər. Ola bilsin ki, onların bir qismi şüuraltı olaraq artıq sabahkı görüşü də düşünürdü və bu, tamamilə məntiqlidir.
Əsas məsələ futbolçuların meydanda razılaşmalarımızı necə yerinə yetirməsi, konsentrasiyası və diqqəti idi. Kənardan hər şeyin asan alındığı görünə bilər, amma əslində belə deyil.
Yaxşı məqamları sabahkı oyuna da keçirməliyik. Əlbəttə, daha böyük güc və sürət tələb olunacaq. Çünki Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır.
Onların beynəlxalq təcrübəyə malik, UEFA Çempionlar Liqasında çıxış edən futbolçuları var. Buna görə də bu, daha yüksək səviyyəli rəqib olacaq”, – deyə Yankauskas bildirib.
Litva millisinin çalışdırıcısı heyətdə dəyişikliklərin də olacağını söyləyib. O, zədə səbəbindən Piyus Şirvisin bu oyunlar pəncərəsində daha meydana çıxa bilməyəcəyini qeyd edib:
“Düşünürəm ki, həqiqətən yaxşı heyətimiz və kifayət qədər güclü ehtiyat oyunçular skamyamız var. Heyətdə dəyişikliklər olacaq, amma bu, mütləq rəqibin gücü ilə bağlı deyil.
Futbolçuların fiziki vəziyyəti, zədələrdən sonra keçən müddət, klublarında aldıqları oyun praktikası kimi müxtəlif amillər var. Buna görə də bütün oyun ərzində intensivliyi qorumaq üçün ən yaxşı balansı tapmağa çalışacağıq.
Əvəzləmədən sonra meydana çıxacaq futbolçular da çox vacib olacaq. Çünki son oyun göstərdi ki, ehtiyatdan meydana daxil olan oyunçular aktiv idilər və oyunun keyfiyyəti aşağı düşmədi”, – baş məşqçi vurğulayıb.
Yankauskas hazırda yalnız ilk oyunu düşünür
Yankauskas Azərbaycan millisinin Litvanın standart vəziyyətlərdən və sürətli hücumlardan istifadə etməsini üstün cəhət kimi göstərməsinə də münasibət bildirib.
“Yəqin ki, müasir futbolun bütün komandalarında belə bir anlayış var ki, topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək lazımdır. Çünki həmin anda rəqibin müdafiəsi təşkilatlanmış vəziyyətdə olmur.
Ən yüksək səviyyəli komandalar da məhz bununla fərqlənirlər – onlar bunu çox sürətli, cəmi bir-iki toxunuşla edə bilirlər.
Biz özümüz də künc zərbəsindən sonra qapımıza əks-hücum gördüyümüz anlar yaşamışıq. Buna görə hücum edərkən həmişə müdafiə haqqında da düşünmək lazımdır. Biz bunu uğurla edə bilmişik və yəqin ki, rəqib də buna görə bu xüsusiyyətimizi qeyd edib.
Bilirik ki, onlar bəzi güclü tərəflərimizi tanıyırlar. Buna görə də həmin üstünlüklərimizdən daha yaxşı istifadə etməyə çalışacağıq”, – deyə Litva millisinin baş məşqçisi bildirib.
Yankauskas Azərbaycan çempionatında “Sabah”ın baş məşqçisi kimi uğurlu çıxış edən həmyerlisi Valdas Dambrauskas haqqında da danışıb. O, Dambrauskasla oyun öncəsi danışmadığını, lakin gələcəkdə görüşmək imkanının olduğunu söyləyib:
“Onun çalışdırdığı komanda ilə əldə etdiyi tarixi uğura görə çox sevinirik və ona bundan sonra da səmimi qəlbdən uğurlar arzulayırıq.
Azərbaycanda olduğumuz zaman, düşünürəm ki, görüşmək, fikirlərimizi və məsləhətlərimizi bölüşmək üçün mütləq vaxt tapacağıq. Amma hazırda öz topladığımız biliklərə və özümüzün hazırladığımız informasiyaya əsaslanırıq. Kifayət qədər məlumatımız var və oyuna hazırıq”, – Yankauskas deyib.
Litva və Azərbaycan milliləri bir həftə sonra Bakıda cavab oyununda da qarşılaşacaqlar. Lakin Yankauskas hazırda ikinci matç haqqında düşünmədiyini bildirib:
“Bir neçə gün ərzində komandanı bir neçə fərqli ssenariyə hazırlamaq mümkün deyil. Biz hər oyuna ən vacib qarşılaşma kimi yanaşırıq. Ondan sonra nə olacağını isə daha sonra görəcəyik.
Buna görə də hazırda yalnız bazar günü keçiriləcək oyuna köklənmişik. Bizim üçün prioritet məhz bu qarşılaşmadır”, – deyə Litva millisinin baş məşqçisi fikirlərini yekunlaşdırıb.


