Fuente: “Uembli”də İngiltərəni məğlub etmək çox çətindir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının ilk turunda İngiltərə üzərində əldə etdikləri qələbəni şərh edib.

Arena.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmada İspaniya meydan sahiblərini 3:2 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Lamin Yamal, Aleks Baena və Mikel Oyarsabal fərqləniblər. İngiltərənin qollarını isə Entoni Qordon və Harri Keyn vurub. Keyn ikinci hissənin əvvəlində penaltidən yararlana bilməyib.

De la Fuente İngiltərənin güclü rəqib olduğunu və komandasının matçın böyük hissəsində oyuna nəzarət etdiyini bildirib.

“Çox güclü və fiziki baxımdan qüvvətli rəqiblə qarşılaşdıq. Xüsusilə bizim oyunumuzun səviyyəsinin aşağı düşdüyü anlarda İngiltərə bundan məharətlə istifadə edirdi. Onların çox yaxşı futbolçuları və necə oynamaq istədiklərinə dair dəqiq planları var.

Matçın böyük hissəsində təşəbbüs bizdə idi və oyunun gedişinə nəzarət edirdik. Hər dəfə əks-hücuma keçəndə rəqib üçün ciddi problemlər yaradırdıq. Topa nəzarət etdiyimiz və mövqeli hücumlar qurduğumuz zaman da təhlükəli epizodlar yarada bildik. Ümumilikdə, azarkeşlər üçün maraqlı, məşqçilər üçün isə məmnunluq doğuran oyun oldu.

İstənilən matçı qazanmaq çox çətindir. İngiltərə kimi rəqibə qarşı, özü də “Uembli”də qalib gəlmək isə daha da çətindir. Biz əla komanda olduğumuzu sübut etdik. Qarşımızda başqa bir güclü yığma var idi. Məhz belə oyunlarda beynəlxalq arenada özünü göstərir və “Bu komanda reytinqdə birincidir” dedirdəcək səviyyəyə çatdığını nümayiş etdirirsən. Biz bir daha bütün dünyaya bunu haqq etdiyimizi sübut etmək istəyirdik”, – deyə de la Fuente UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: