Ayxan Abbasov: “D Liqasında olmalı deyilik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Kaunasda üz-üzə gələcəklər.

Ayxan Abbasov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Litva ilə güc baxımından yaxınıq. Məncə, şanslar bərabərdir. Rəqibin üstünlüklərini komandaya çatdırmışıq. Fərdi bacarıqları olan oyunçulara sahibdirlər. “Torino”da oynayan futbolçuları var. Bu, onların komandası üçün motivasiyadır. Bəzi oyunçuları da UEFA Çempionlar Liqasında çıxış edir. Futbolçularımıza tam məlumat vermişik. İnanıram ki, uşaqlar taktiki çalışmaların, rəqibin üstünlüklərinin öhdəsindən gələ biləcək.

D Liqasında olmalı deyilik. Çalışmalıyıq ki, B Liqasına yüksələk. Milli komanda olaraq irəliləməliyik. Futbolçular da bunu istəyirlər.

Oyunun 27 sentyabra, Anım Gününə təsadüf etməsi də xüsusi əhəmiyyət daşıyır. Bizim üçün önəmli gündür. Futbolçularla bu haqda danışmışıq. Milli komanda milli dəyər deməkdir. Bu gün burada olmağımıza görə şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq. Düzdür, idman başqadır, amma oyunun bu gündə keçirilməsi bizim üçün bir silah olacaq”.

Ayxan Abbasov bu matçdan öncə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla söhbətləşmədiyini də vurğulayıb:

“Dambrauskas çempionatımıza rəng qatan məşqçilərdəndir. Çempion oldu, Çempionlar Liqasına vəsiqə qazandı. Ötən il mən də klubda çalışırdım və onunla rəqib idik. Çempionatımızda belə məşqçinin olması bizim üçün xoşdur. Amma Litva yığması haqqında onunla danışmamışıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: