Edqaras Yankauskas: “Çox məyusedici qol buraxdıq”

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Kaunasda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Litva yığmasının çalışdırıcısı matçdan sonra jurnalistlərə açıqlamasında komandasının nümayiş etdirdiyi oyunun keyfiyyətindən razı qalmadığını bildirib. O, futbolçuların topla davranışında çoxlu səhvlərə yol verdiyini qeyd edib:

“Komandanın oyun keyfiyyətindən çox razı deyilik. Düşünürəm ki, daha yaxşı oynaya bilərik. Qarşısını almaq mümkün olan çoxlu səhvlərə yol verdik. Bunlar futbolçularımızın adətən etmədiyi səhvlər idi. Gözəl oyun olmadı. Mübarizə apardıq, əziyyət çəkməli və sonadək işləməli olduq”, – Yankauskas deyib.

Mütəxəssis komandasının çətin anlarda sadə və əsas elementlərə qayıda bilməsini müsbət məqam kimi dəyərləndirib:

“Futbolçular çətin vəziyyətdə bunu bacardı. Oyun alınmayanda belə, əsas və sadə şeylərə qayıtdılar və oyunun ipini yenidən əllərinə almağa çalışdılar”.

Edqaras Yankauskas komandasının gənc heyətlə meydana çıxmasının oyundakı qeyri-sabitliyə təsir etdiyini düşünür. Onun sözlərinə görə, start heyətinin orta yaşı təxminən 24 olub:

“Belə oyun dalğalanmalarının qaçılmaz olduğu aydındır”, – baş məşqçi bildirib.

Litva millisinin çalışdırıcısı Azərbaycan yığmasının vurduğu qola da toxunub. O, topun üç futbolçunun ayaqları arasından keçərək qapıya daxil olduğunu və bunun komanda üçün məyusedici epizod olduğunu deyib:

“Çox məyusedici qol buraxdıq. Top üç futbolçunun ayaqları arasından keçdi. Soyunub-geyinmə otağında bununla bağlı zarafat etdik. Sanki belə qollar yalnız bizim başımıza gəlir. Buraxdığımız qoldan başqa, düşünürəm ki, onlara çox şey yaratmağa imkan vermədik”.

Yankauskas Azərbaycan və Litvanı bərabər səviyyəli komandalar hesab etdiyini bildirib. O, Azərbaycan millisinin Bakıda keçiriləcək cavab oyununda favorit olacağı fikri ilə razılaşmayıb:

“Favorit olduğumuzu kimin necə çıxardığını bilmirəm. Oyun göstərdi ki, burada bərabər səviyyəli iki komanda var. Yekun nəticə kiçik detallardan asılı olacaq”, – litvalı mütəxəssis vurğulayıb.

Edqaras Yankauskas qrup qalibinin Bakıda keçiriləcək qarşılaşmada müəyyənləşəcəyini qeyd edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: