Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun mərkəz müdafiəçisi Semi Mmae bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu Mmaeni icarə əsasında heyətinə qatıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Semi Mmae peşəkar karyerasına Belçikanın “Standard” (Lyej) klubunda başlayıb. Əslən Mərakeşdən olan belçikalı müdafiəçi “Maastrixt”, “Sent Trüden”, “Ferentsvaroş” kimi klubların da şərəfini qoruyub. O, “Dinamo”ya 2024-cü ilin yayında məhz “Ferentsvaroş”dan 500 min avro müqabilində keçib.
Mmae “Dinamo”da cəmi 21 oyuna çıxıb və 1 qola imza atıb. Onun Zaqreb klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Semi Mmae Belçikanın U-19 və U-21 yığmalarında forma geyinsə də, 2020-ci ildə Mərakeş millisində oynamağa başlayıb. Müdafiəçi Mərakeş millisinin heyətində 10 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Qarabağ” daha öncə Dani Bolt, Pedro Bikalyo və Kris Kuakunu da heyətinə qatmışdı. Rüstəm Əhmədzadə isə icarədən qayıdıb. Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli və Redon Cica da komandanı tərk ediblər.



