Sergey Yakiroviç: “Qarabağ” çox mütəşəkkil komandadır”

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları “Qarabağ” haqqında danışıb.

Arena.az xəbər verir ki, Xorvatiya çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda məhz Azərbaycanın ən güclüsü “Qarabağ”la mübarizə aparacaq.

Birbaşa pley-offdan mübarizəyə qoşulacaq “Dinamo”nun 47 yaşlı baş məşqçisi Ağdam klubu barədə ilk düşüncələrini paylaşıb. Sergey Yakiroviç xorvat jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Ludoqorets”lə görüşdə bolqarlar favorit göstərilsə də, “Qarabağ” bunun əksini sübut etdi. Lakin bu, bir az da Razqard klubunun öz səhvi nəticəsində baş verdi. Müdafiədəki boşluqlar məğlubiyyətə səbəb oldu. “Qarabağ” çox mütəşəkkil komandadır. Taktiki cəhətdən və sürət, texnika baxımından çox yaxşı kollektiv formalaşdırıblar. Onları ən yaxşı şəkildə təhlil etməyə çalışırıq”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan çempionu “Ludoqorets”i mübarizədən kənarlaşdıran (1:2, 7:2) Azərbaycan çempionu pley-offda “Dinamo” ilə oynamaq hüququ qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk matçını avqustun 20-də səfərdə keçirəcək. Cavab görüşü isə avqustun 28-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Xəbəri istədiklərinizlə paylaşın