Sergey Yakiroviç: “Qarabağ” güclü olsa da, irəli getmək istəyirik”

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, Xorvatiya və Azərbaycan çempionları arasında Zaqrebdə baş tutmuş ilk oyunda meydan sahibləri 3:0 hesabıyla qalib gəliblər.

Bu komandalar arasındakı cavab görüşü sabah Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmaya saat 20:45-də start veriləcək.

Bu gün isə Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan öncə Bakıda təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Xorvatiyalı mütəxəssis əvvəlcə bunları dilə gətirib:

“İlk matçda 3:0 qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq.

İlk oyunun nəticəsi ədalətli idimi? Buna şərh verə bilmərəm. Bizim rəqib qapısına yol tapmağımız qarşımızdakı komandanın bizə bunun üçün üçün nə qədər şans yaratmasından asılıdır.

Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir”.

Yakiroviç “Qarabağ”a məğlubiyyətdən sonra istefa vermiş Bolqarıstan çempionu “Ludoqorets”in sabiq baş məşqçisi Georgi Dermenciyevin aqibətini yaşamaq istəmədiyini bəyan edib:

“Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm. Belə halın yaşacağını qətiyyən düşünmürəm”.

Sergey Yakiroviç Azərbaycan millisinin hücumçusu Mahir Emrelini “Dinamo”da saxlamaq istəməməsinə də aydınlıq gətirib:

“Mən bu komandada bir ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, “Nürnberq”ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi”.

“Oyun bizim üçün çətin keçəcək” – Sami Mmae

“Dinamo”nun müdafiəçisi Sami Mmae də bugünkü mətbuat konfransında iştirak edib. Mərakeşli futbolçunun fikirlərini diqqətinizə çatdırırıq:

“Rəqib komanda öz doğma evində oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bizim bütün diqqətimiz və fokusumuz matçı yaxşı səviyyədə keçirməkdir ki, növbəti mərhələlərə addım ata bilək. Özümüzə inanırıq. Gücümüzün olduğunu düşünürük. “Ferentsvaroş”un heyətində “Qarabağ”a qarşı oynamışam. Həmin matçı xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən “Qarabağ”a güclü dəstək var idi. Sabahkı oyunda da bunu gözləyirik”.

Xəbəri istədiklərinizlə paylaşın