Serxio Aquero karyerasını bitirdi – ürəyindəki problemə görə

Futbol üzrə Argentina millisinin və İspaniyanın “Barselona” klubunun hücumçusu Serxio Aquero karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

O, ürəyindəki problemə görə bu addımı atmağa məcbur olduğunu bildirib. Həkimlər futbolçunun bundan sonra sevimli idman növü ilə məşğul olmasının təhlükəli olduğunu bildiriblər. Bu üzdən də Aquero karyerasını arzulamadığı bir vaxtda bitirmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Aquero İspaniya La Liqasının 12-cu turu çərçivəsində baş tutan “Alaves”lə oyunda (1:1) özünü pis hiss etməyə başlayıb. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən futbolçu daha sonra xəstəxanaya yerləşdirilib. Kardioloji müayinədən keçən hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub. Həmin gündən etibarən Aqueronun karyerasını bitirəcəyi barədə xəbərlər yayılmağa başlamışdı. Argentinalı futbolçu bununla bağlı qərarını məhz bu gün ictimaiyyətə də açıqladı.

Xatırladaq ki, Serxio Aquero “Barselona”ya bu yay İngiltərənin “Mançester Siti” klubundan transfer edilmişdi. O, mayın 31-də Kataloniya təmsilçisi ilə 2 illik müqavilə imzalamışdı. “Barselona” ona qiymət də qoymuşdu. 2023-cü ilin yayından öncə onu heyətində görmək istəyən klub kataloniyalılara 100 milyon avro təzminat ödəməli idi. Təcrübəli forvard İspaniya təmsilçisinin heyətində cəmi 5 matça çıxıb və 1 qol vurub.

“Mançester Siti”nin rekordçusu

Aquero “Barselona”dan əvvəl formasını geyindiyi “Mançester Siti”də 10 il çıxış edib. O, bu 10 il ərzində 390 oyuna çıxıb, 260 qola imza atıb. Hücumçu bu komandanın heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb. O, həm də İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçudur.

Argentinalı futbolçu “şəhərlilər”in heyətində 15 titul qazanıb. Belə ki, beş dəfə Premyer Liqanın qalibi olan Aquerolu “Mançester Siti”, altı dəfə İngiltərə Liqa Kubokunda, bir dəfə də İngiltərə Kubokunda baş mükafata sahib çıxıb. O, üç dəfə də İngiltərə Super Kubokunda çempionluq sevinci yaşayıb.

Aquero “Mançester Siti”yə Madrid “Atletiko”sundan transfer edilmişdi. Argentinanın “İndependyente” klubunun yetirməsi olan futbolçu İspaniya klubunda 2006-2011-ci illər aralığında forma geyinib və bu klubdan Avropaya üz tutub. Serxio Argentina yığmasında da 101 oyun keçirib, 41 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: