Skott Maktominey və Billi Gilmor “Napoli”də

“Mançester Yunayted”in şotland mərkəz yarımüdafiəçisi Skott Maktominey bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid Neapol təmsilçisinə 30,5 milyon avro məbləğ müqabilində başa gəlib. Şotland futbolçu italyan klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Əlavə edək ki, “Mançester Yunayted” keçmiş futbolçusunun gələcək satışından müəyyən faizdə qazanc əldə etmək hüququnu özündə saxlayıb.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Yarımmüdafiəçi 2017-ci ilin iyulunda “qırmızı şeytanlar”ın əsas komandasına transfer edilib.

Skott Maktomineyin “qırmızı şeytanlar”ın heyətində çıxşının ümumi mənzərəsi 255 oyun, 29 qol və 8 məhsudar ötürmədən ibarətdir.

Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.

Skott Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 52 oyun keçirib, 9 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Napoli” İngiltərənin digər klubu “Brayton”da çıxış edən digər şotland futbolçu – dayaq yarımmüdafiəçisi Billi Gilmoru da transfer edib. İtaliya klubu bu transfer üçün də 14 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Reyncers”in yetirməsi olan Billi Gilmror 2017-ci ildə “Çelsi”yə keçi. Bu klubda olarkən “Norviç Siti”yə icarəyə verilmiş yarımmüdafiəçi 2022-ci ildən “Brayton”un uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu komandada 69 oyuna 4 assistlə yadda qalıb.

Billi Gilmor 2021-ci ilin iyun ayında debüt etdiyi Şotlandiya yığmasında 30 oyuna çıxıb, 1 qol vurub.

“Kalyari”də bir yeni oyunçu, iki ayrılıq

“Napoli” hücumameyilli yarımmüdafiəçisi Canluka Qaetanonu da “Kalyari”yə icarəyə verib. “Kalyari” 24 yaşlı italiyalı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Canluka Qaetano “Napoli”nin yetirməsidir. O, Neapol klubunun əsas komandasında 31 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Yarımmüdafiəçi əvvəlki mövsümlərdə iki dəfə “Kremoneze”yə icarəyə verilmişdi.

Qaetanonu heyətinə qatmış “Kalyari” də bir neçə oyunçusu ilə vidalaşıb. Uruqvaydan olan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi Qaston Pereyro azad agent kimi komandanı tərk edib. O, hazırda klubsuzdur və karyerasını harada davam etdirəcəyi bilinmir. Uruqvay yığmasında 13 oyuna 5 qol vurmuş Pereyro, “Kalyari”də 71 oyun keçirib, 9 qol və 4 assist müəllifi olub.

“Kalyari” sağ cinah müdafiəçisi Alessandro Di Pardonu da “Modena”ya icarəyə verib. 25 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt də var. İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Di Pardo, “Kalyari”də 39 oyuna 1 qol və 1 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: