SOCAR yenidən “Neftçi”nin titul sponsoru oldu

SOCAR 2023/2024 mövsümündən etibarən yenidən “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) titul sponsoru olacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümdən etibarən “ağ-qaralar”ın titul sponsoru ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq.

Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun (SOCAR) loqosu əks olunacaq.

Xatırladaq ki, buna qədər “Neftçi”nin titul sponsoru “Türk Hava Yolları” idi. 2018-ci ildən bu klubla sponsorluq müqaviləsi imzalayan, 2019/2020 mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

Paytaxt klubu qardaş ölkənin dünyaca məşhur brendinə 5 ildir yanlarında olduğuna, göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda onu da qeyd edək ki, “Neftçi” uzun illərdir məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. Vaxtilə bu klubun titul sponsoru da məhz SOCAR olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: