Şose velosipedi: Azərbaycan çempionatında ilk qaliblər bilindi

İyunun 23-də şose velosipedi üzrə Azərbaycan çempionatına start verilib. Arena.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Xızı rayonunda (Bakı – Giləzi – Xızı – Altıağac yolu) baş tutan yarışın ilk günündə idmançılar fərdi ötüşmə növündə mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 25 km, yeniyetmə oğlanlar və qadınlar isə 10 km məsafə qət ediblər.
Ümumilikdə 46 velosipedçinin iştirak etdiyi yarışın ilk gününün nəticələrinə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (ROEQİUGVM, 35:25:66) bütün rəqiblərindən üstün olaraq birinci yeri tutub. Musa Mikayılzadə (MSN, 35:30:54) ikinci yerlə kifayətlənib. Tural İsrafilov (ROEQİUGVM, 36:01:79) isə üçüncü yerə layiq görülüb.

Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 15:27:43) qızıl medal qazanıb. Cavid Qəfərli (Təhsil RİM, 15:55:28) gümüş medalla kifayətlənib. Artyom Proskuryakov (Təhsil RİM, 16:05:11) bürünc medal qazanıb.

Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 16:01:49) birinci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Məryəm Əfqanzadə (ROEQİUGVM, 16:14:26) ikinci yeri tutub. Radha Şabanova (ROEQİUGVM, 17:06:10) isə üçüncü yerlə kifayətlənib.

Şose velosipedi üzrə Azərbaycan çempionatı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilib. Çempionatın ikinci günündə (24 iyun) yeniyetmə oğlanlar və qadınlar, üçüncü günündə isə (25 iyun) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində güclərini sınayacaqlar.

Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.