Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç” Bundesliqanın 27-ci turunda “Bayern” üzərində səfər qələbəsini (2:0) şərh edib.
Arena.az Bundesliqanın rəsmi saytının mətbuat xidmətinə istinadən, Terziçin bu barədə fikirlərini təqdim edir:
“Əlbəttə, biz şadıq. Biz çıxışımızdan çox razıyıq, bu, layiqli qələbə idi. Bu nəticəyə etibar etməyə dəyər. Cəsarət göstərməli, zəhmətkeş olmalı, dözümlülük nümayiş etdirməli idik. Həmçinin, 90-cı dəqiqədə oyundankənar vəziyyətdə olduğu kimi, burada qələbə qazanmaq üçün bir az bəxt gərəkdir. Biz səylə çalışdıq və hər şeyin necə alındığından çox razıyıq”, deyə Terziç vurğulayıb.
Bu qələbə “Borussiya”nın son 10 ildə Münhendə “Bayern” üzərində ilk qələbəsidir. Ümumiyyətlə, “Borussiya” 2019-cu ildən “Bayern” üzərində qələbəyə həsrət idi. Sonuncu dəfə “Borussiya” 2019-cu ildə Almaniya Super Kuboku uğrunda oyunda “Bayern”i məğlub etmişdi – 2:0. Münhendə isə “Borussiya” sonuncu dəfə 2014-cü ildə qləbə qazanmışdı – 3:0.
27 turdan sonra “Bayern” Bundesliqanın yarış cədvəlində 60 xalla 2-ci, “Borussiya” isə 53 xalla 4-cü pillədə qərarlaşıb. Bundesliqaya 73 xalla Xabi Alonsonun Leverkuzen “Bayer”i başçılıq edir. “Əczaçılar”a son 7 oyunda 3 qələbə çempionluq üçün kifayət edəcək.


