Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının finalında komandasının mümkün rəqibi haqda danışıb.
Arena.az xatırladır ki, “Borussiya” Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Fransa nəhəngi PSJ-ni 1:0 hesabı ilə məğlub edərək, mötəbər yarışın finalına vəsiqəsini təmin edib.
“Bir söz seçmək məcburiyyətində olsam, bu, “qürur” olardı. Bu, bizim üçün qürurverici bir məqamdır. Mən heyət, komanda və klubla fəxr edirəm. Xəyalımız hələ bitməyib!
Finalda favorit olmayacağımızı bilirəm. Kiminlə görüşsək, çox çətin olacaq. Ancaq bu, yalnız bir oyundur və bir oyunda hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”, – UEFA-nın rəsmi saytı Terziçdən sitat gətirir.
Xatırladaq ki, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı “Real” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar yarımfinalın cavab oyununu bu gün, mayın 8-də keçirəcəklər.
UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.


