Madrid “Real”ının Almaniyadan olan yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanı Liqasına keçməkdən imtina edib.
Arena.az bu barədə “Bild”ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Kroos adı çəkilməyən iddialı ərəb klubundan böyük futbol layihəsinə qoşulmaq haqda təklif alsa da, bundan imtina edib.
Vurğulanır ki, ərəblər “Real”la müqaviləsi cari ayın sonunda başa çatacaq Kroosu xeyli müddətdir diqqətdə saxlayıblar. “Kral klubu” yarımmüdafiəçisi ilə müqaviləni yeniləmək haqda danışıqlara başlamasa da, Kroosun ərəblərin təklifini geri çevirməsi maraq doğurur.
2022/2023 mövsümündə Toni Kroos “Real”ın heyətində 52 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə fərqlənib. Kroos İspaniya Kubokunu qazanıb, La Liqanın “gümüş”ünə sahib olub.
Xatırladaq ki, daha əvvəl “qaymaqlılar”ın xorvat yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanından aldığı təklifə yox demişdi.


