Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) heyətində növbəti dəyişiklik baş verib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər. Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.
Xatırladaq ki, daha öncə Gürcüstanın “Rustavi” klubunda forma geyinən Raul Hacıyevin yığmamızın düşərgəsinə gələ bilməyəcəyi açıqlanmışdı. Hacıyevin əvəzində məhz “Sabah”ın üzvü Həmzəalı Mikayılov millinin heyətinə dəvət almışdı.
U-19 yığmamız iyunun 9-dan 11-nə qədər Bakıda hazırlıq keçib. Ayın 12-dən etibarən başlamış Qəbələdəki təlim-məşq toplanışı isə ayın 21-nə qədər davam edəcək.
Hazırlıq çərçivəsində Azərbaycan milli komandası iki yoxlama oyunu da keçirəcək. Aqil Nəbiyevin baş məşqçisi olduğu komandamız iyunun 16-da Gürcüstan, 20-də isə Belarus millisi ilə üz-üzə gələcək.


