UEFA, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin AEK (Afina) – “Dinamo” (Zaqreb) oyunu ilə bağlı müvafiq qərar qəbul edib.
Arena.az az xəbər verir ki, Afinada xorvat xuliqanların törətdiyi, ölümlə nəticələnmiş qanlı iğtişaşdan sonra bu axşam keçirilməsi nəzərdə tutulmuş oyun təxirə salınıb.
UEFA-nın qərarına əsasən, bu cütün oyunlarının keçirilmə vaxtına dair qərarlar qəbul edilib.
Zaqrebdə keçirilməsi nəzərdə tutulmuş “Dinamo” – AEK oyunu, planlaşdırıldığı kimi, avqustun 15-də keçiriləcək.
Təxirə salınmış AEK – “Dinamo” görüşü isə UEFA-nın klublarla oyunun keçirilməsi vaxtını dəqiqləşdirdikdən sonra, ya avqustun 18-nə, ya da bundan bir gün sonraya təyin ediləcək. Hazırda UEFA müvafiq tarixi təsdiqləmək üçün hər iki klubla əlaqə saxlayır.
Hər iki görüşdə qonaq tərəfdarların olmaması ilə bağlı əvvəlcədən bildirilmiş qərar qüvvəsində saxlanılır. Bütün lazımi təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyi vurğulanır.



