UEFA Zaqreb “Dinamo”sunun azarkeşlərinə ən azı mövsümün sonuna qədər səfər oyunlarına gəlməyi qadağan edib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
UEFA-nın bəyanatında deyilir:
“UEFA-nın qiymətləndirməsinə görə, “Dinamo” azarkeşlərinin iştirakı ilə bütün oyunlar yüksək risklə bağlı hesab edilir. Təəssüf ki, onlara oyuna bilet təqdim etməmək qərarına baxmayaraq, “Dinamo” azarkeşlərinin Afinada olması ilə bağlı hadisələr fövqəladə ciddiliyi ilə təsdiqlənir. Bu, həmçinin Yunanıstan hakimiyyətinin UEFA-ya təqdim etdiyi hadisələrin hesabatında da qeyd edilib.
“Dinamo”ya həmçinin Xorvatiyanın müvafiq siyasi, ictimai təhlükəsizlik və futbol orqanları ilə müştərək olaraq, onların klubu ilə bağlı, futbolda zorakılığın aradan qaldırılması üçün strategiya işləyib hazırlamaq və həyata keçirmək təklif edilir. UEFA bu ciddi problemi həll etmək üçün tərtib edilmiş təfərrüatlı tədbirlər planı ilə birlikdə klubdan vaxtında hesabat almağı səbirsizliklə gözləyir”.
Xatırladaq ki, bundan əvvəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində AEK (Afina) və “Dinamo” (Zaqreb) komandaları arasında keçirilməli olan oyun, Xorvatiya klubunun ifratçı azarkeşlərinin dinc yunan azarkeşlərinə hücumu nəticəsində baş vermiş kütləvi dava-dalaş və yunan azarkeşin öldürülməsi hadisəsinə görə təxirə salınmışdı. Həmin qarşılaşma ötən gecə avqustun 19-da baş tutub. Hadisələr zamanı Yunanıstan tərəfi xeyli ziyana uğramışdı.
Sonda onu da qeyd edək ki, Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir. O, AEK-lə doğma meydanda baş tutan oyunda iştirak etsə də, ötən gecəki matçda sonadək ehtiyatda qalıb.



