Usman Dembele özünə tənqidi yanaşdı

PSJ-nin fransalı hücumçusu Usman Dembele Fransa Liqa 1-in “Monako” ilə 16-cı tur səfər oyunundan sonra çıxşı ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Dembele bu oyunda parislilərin 4:2 hesablı qələbəsinə, vurduğu iki qolla töhfəsini versə də, öz oyun keyfiyyətindən narazılığını ifadə edib:

“Monakoya qarşı dublum? Statistika öz yerində, amma mən oyunumun keyfiyyəti baxımından hələ də özümü daha yaxşı göstərə və daha çox fayda gətirə bilərəm”, – “beIN SPORTS” dərgisi Dembeledən sitat gətirir.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 61 oyun, 14 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın