“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.
“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Buna qədər antirekord iki belə nəticənin yaşandığı 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı.
Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.


