“Sabah”ın U-19 komandası “Barsa”ya biabırçı hesabla uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda İspaniya nəhəngi “Barselona”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş matçı Finlandiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi Peyman Simani olub. Ona Kristian De Kaseres və Samu Koskinen kömək ediblər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirib. Qarşılaşmanın UEFA nümayəndəsi də digər həmyerlimiz Asim Xudiyev olub.

Masazırdakı “Əlincə Arena”da təşkil edilmiş oyun Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. “Barsa” bu oyundan 7 cavabsız qolla qalib ayrılıb – 7:0. Halbuki, görüşün ilk hissəsi qolsuz yekunlaşıb. Meydan sahibləri 33-cü dəqiqədən etibarən azlıqda oynamaq məcburiyyətində qalıblar. Ayomide Emmanuel Bakare 21-ci və 33-cü dəqiqələrdə aldığı 2 sarı vərəqə ucbatından meydandan qovulub.

Xatırladaq ki, “Sabah”ın U-19 komandası geridə qalmış 5 turda bütün oyunlarını uduzduğu üçün xalsızdır və sonuncu – 36-cı pillədə qərarlaşıb. “Barsa”nın gəncləri isə 8 xalla 10-cudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: