Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.
Arena.az bu barədə “Opta”ya istinadən xəbər verir.
Xorvatiyalı oyunçu buna İspaniyada “Real”a qarşı keçirdikləri ÇL-in Liqa mərhələsinin 5-ci turunun matçında nail olub. Təcrübəli futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Perişiç həm də ÇL-də “Real”la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.
Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub. Madrid təmsilçisi bütün qollarını məhz məğlub duruma düşdükdən sonra vurub.
İvan Perişiç 2024-cü ildən PSV-də çıxış edir. Təcrübəli yarımmüdafiəçi əvvəllər “Hayduk” (Split), “Tottenhem”, “Bayern”, “İnter”, “Volfsburq”, “Borussiya” (Dortmund), “Brügge”, “Rozelar” və “Soşo” kimi klubların da formasını geyinib.


