Velosiped İdmanı Federasiyasında Mədət Quliyev dönəmi

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev federasiya prezidenti seçilib. O, keçmiş vergilər naziri Fazil Məmmədovu əvəzləyib. Fazil Məmmədov toplantıda iştirak etməyib.

Mədət Quliyev hesabat-seçki konfransından sonra fikirlərini bölüşüb:

“Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Federasiyamızda gözəl infrastruktur yaradılıb. Bu idman növünə sevgi yaranması üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, insanlar işlərə və s. yerlərə velosipedlə getsin. Federasiya olaraq peşəkar idmançılar yetişdirmək istəyirik. Elçin Əsədov Olimpiya Oyunlarında iştirak edib. Regionlarda bu idman növünə marağı artırmalıyıq. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq. Böyük nailiyyətlər əldə edəcəyimizə inanıram. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Çalışmalıyıq ki, ölkəmiz də burada təmsil olunsun”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında çıxış edib. O bildirib ki, artıq bu idman növündə daha böyük uğurlar üçün zəmin yaranıb:

“Hamınızı təbrik edirəm. Bu günü Azərbaycan velosiped günü adlandırardım. Federasiyada ciddi dəyişikliklər oldu. AzVİF mükəmməl bazaya malikdir. Bu, təkcə küçədə velosiped sürmək deyil. Velosiped idmanının bir neçə növü, hərəsinin öz idman qaydaları var. Olimpiya Oyunlarında idmançımız iştirak edib. Bunu fərəhlə deyə bilərik”.

Hüseynzadə federasiyanın yeni prezidenti Mədət Quliyevi təbrik edib: “Mədət müəllimi xüsusilə təbrik edirəm. 1990-cı illərdən bir-burimizi tanıyırıq. Məhz idmana görə tanış olmuşuq. O da əlindən gələni edəcək ki, velosiped idmanı inkişaf etsin. Hamıya məlumdur ki, Mədət müəllim bu növü çox sevir”.

MOK rəsmisi eyni zamanda Sahib Ələkbərovu 1-ci vitse-prezident seçilməsi münasibətilə təbrik edib və federasiyanın İdarə Heyətinə uğurlar arzulayıb: “Sizin sayənizdə velosiped təkcə idman növü yox, həm də nəqliyyat vasitəsi olacaq”.