Villian “Qarabağ”ın rəqibindən ayrıldı

Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Villian Yunanıstanın “Olimpiakos” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə ünlü italyan insayder Fabritsio Romano məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, braziliyalı futbolçu Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”a 2024-cü ilin yayında azad agent kimi keçmişdi. 36 yaşlı futbolçu həmin vaxt Yunanıstan klubu ilə 1 illik müqaviləyə imza atmışdı. O, sözügedən klubun heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 8-ci turunda – yanvarın 31-də “Olimpiakos”la Yunanıstanda qarşılaşacaq.

Villian Borxes da Silva peşəkar karyerasına yetirməsi olduğu “Korintians”da başlayıb. 2007-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna keçib. 2013-cü ilə qısa müddət Rusiya “Anji”sində çıxış etmiş futbolçu elə həmin il İngiltərə nəhəngi “Çelsi”də oynamağa başlayıb. 2020-ci ilə qədər London klubunun uğurları üçün çalışmış Villian, 2020/2021 mövsümünü də İngiltərənin digər klubu “Arsenal”da keçirib. 2021-ci ilin yayında “Arsenal”dan ayrılan Villian yetirməsi olduğu “Korintians”a qayıtsa da, bir il sonra yenidən Braziliyanı tərk edib və İngiltərəyə qayıdıb. O, “Olimpiakos”dan öncə Premyer Liqa təmsilçisi “Fulhem”də çıxış edib.

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi 2011-ci ildə millidə debüt edib. O, yığma komandada 70 oyun keçirib, 9 qola imza atıb.

“Transfermarkt” internet-portalı 36 yaşlı vingerin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.