Azərbaycanda, Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatında dördüncü yarış gününə yekun vurulub.
Arena.az xəbər verir ki, günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.
Kişilər arasında 63 kq çəkidə dünya çempionu tituluna Hakan Recber (Türkiyə) layiq görülüb. O, finalda Banlunq Tumtimdanqı (Tailand) məğlub edib. Bürünc medallara Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.
Bu çəki dərəcəsində Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov da bu gün qüvvəsini sınayıb. O, 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb. İdmançımız növbəti raundda Zakariya Məhəmməd Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Amma Xanoğlan 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.
Qadın taekvondoçular arasında +73 kq-ın ən güclüsü Nafiya Kuş (Türkiyə) olub. Gümüş medalı Sevetlana Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) tutub.
Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib. Bunlar Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq), eləcə də Patimat Abakarova (49 kq) və Fəridə Əzizovadır (67 kq).
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu iştirak edir. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonrakı günlərdə millimizin digər üzvləri Səyyad Dadaşov (54 kq), Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.