Xavyer Tebas FIFA-ya səsləndi: “DÇ-ni yığışdırın!”

Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas FIFA rəhbəri Canni İnfantinoya tələb əsasında müraciət ünvanlayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Tebas 2025-ci il iyun ayının 15-dən iyul ayının 13-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) yenilənmiş tərtibat üzrə keçiriləcək FIFA Klub Dünya Kubokunu ləğv etmək tələbini irəli sürüb:

“FIFA prezidenti, özünüz də bilirsiniz ki, yarışı işıqlandırmaq üçün audiovizual hüquqlar əvvəllər dediyiniz büdcəyə satılmayıb. Sponsor dəstəyinin olmamasından xəbəriniz var. Bilirsiniz ki, liqalar və oyunçular birliyi klublararası dünya çempionatını istəmirlər. Bunu yığışdırın!

Onu təqvimdən çıxarın və danışıqlar masasına oturaq. Dialoq və danışıqlar iki fərqli xüsusdur. Danışıqlar razılaşma ilə bitər, dialoq isə heç nə ilə bitmir. Biz uzun illərdir ki, FIFA ilə dialoq aparırıq. Mən razılığa gələcəyimizə əminəm”, deyə Xavyer Tebas vurğulayıb.

Xatırladaq ki, yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər.

Vurğulayaq ki, futbol dünyasının nüfuzlu və aparıcı simalarının böyük əksəriyyəti, həmçinin oyunçular müvafiq tərtibatda klublararası dünya çempionatının ifrat sıx təqvim soxasoxunda keçirilməsini uca səslə tənqid edirlər. Buna baxmayaraq, FIFA-nın məsələyə baxışı göz qabağındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: