“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı məşqçisi elan edilib. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
İspan mütəxəssis bu mükafata elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görülüb.
Qvardiola səsvermədə digər namizədlər – Mikel Arteta (“Arsenal”), Roberto De Zerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”), Eddi Hau (“Nyukasl”) və Marko Silvanı (“Fulhem”) qabaqlamağa nail olub.
Pep karyerası ərzində dördüncü dəfədir İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi seçilir. O, 2017/2018, 2018/2019 və 2020/2021 mövsümlərində də bu mükafata layiq görülmüşdü. Bu baxımdan o, ikinci sıraya yüksəlib. Premyer Liqada ən çox mövsümün yaxşısı seçilən mütəxəssis Aleks Ferqyusondur. O, 11 dəfə buna nail olub. Qvardiola isə hərəyə 3 dəfə mövsümün ən yaxşısı seçilmiş Arsen Vengerlə Joze Mourinyonu geridə qoyub.
O, bu uğuru ilə bağlı fikirlərini də bölüşüb: “Çox şadam. Bu, inanılmaz bir şərəfdir. Sizə söz verirəm ki, gələn mövsüm bu liqanın ən yaxşısı olmaq üçün yenidən mübarizə aparacağıq”.
Xatırladaq ki, Xosep Qvardiola və onun komandası İngiltərə çempionatında son yeddi mövsümdən beşində çempionluq sevinci yaşayıb. Xüsusilə 2022/2023 mövsümünün böyük hissəsini “Arsenal” lider kimi keçirsə də, “Mançester Siti” sonda parlaq nəticələri ilə çempionluğu təmin etdi.
Daha öncə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu və ən yaxşı gənc futbolçusu də açıqlanmışdı. Bu mükafatlara da “Mançester Siti”nin hücumçusu Erlinq Haland layiq görülməklə ilkə imza atmışdı. Çünki indiyə qədər heç bir futbolçu hər iki mükafata eyni vaxtda sahib ola bilməmişdi.