Xosep Qvardiola klublararası DÇ-nin ən titullu məşqçisidir!

“Mançester Siti”nin klublararası DÇ-nin finalında “Fluminense”ni məğlub etməsi “Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “şəhərlilər”in 4:0 hesablı qələbəsi “Pep” üçün ikiqat bayrama çevrilib.

Belə ki, ispan mütəxəssis klublararası dünya çempionatını ən çox – 4 dəfə qazanmış məşqçi kimi adını tarixə yazıb.

Qvardiola “Real”ın italyan çalışdırıcısı Karlo Ançelotti ilə buna qədər şərikli sahib olduğu üçqat nailliyyətini üstələyib.

“Pep” həm də üç fərqli klubla dünya çempionu olmuş ilk mütəxəssis olub. O, 2009-cü və 2011-ci illərdə “Barselona”, 2013-cü ildə isə “Bayern”lə də FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu.

Eyni zamanda, 52 yaşlı ispan mütəxəssis məçqçilik fəaliyyəti ilə məşğul olduğu 14 illik müddətdə 37-ci qənimətini qazanıb. Bu göstəricidə birinci “Mançester Yunayted”in sabiq çalışdırıcısı, şotland mütəxəssis Ser Aleks Ferqyusondur – 49 qənimət.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar.

Ümumiyyətlə “Pep” “Mançester Siti”yə tarixinin ən şanlı dövrünü yaşadıb və “şəhərlilər”ə bütün mümkün qənimətləri qazandırıb.
Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: