Zaqreb “Dinamo”su ÇL-lə vidalaşdı, Mahir Emreli…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb “Dinamo”su UEFA Çempionlar Liqası (ÇL) ilə vidalaşıb.

Arena.az xəbər verir ki, Xorvatiya çempionu bu gün ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində rəqibi olan Yunanıstan AEK-i ilə cavab oyununa çıxıb.

“Dinamo” AEK səddini adlasa, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcəkdi. Mahirin komandası Yunanıstan çempionuna uduzacağı halda isə Avropa Liqasının pley-offunda “Sparta”ya (Praqa, Çexiya) rəqib olacaqdı.

Zaqreb təmsilçisi ilk görüşdə bu rəqibinə 1:2 hesabı ilə uduzmuşdu. Cavab görüşünə isə “Dinamo” daha yaxşı başlayıb. İlk yarının sonlarında hesabı açan Xorvatiya çempionu ikinci hissədə daha bir qol vurub. Amma meydan sahibləri 90+2 və 90+10-cu dəqiqələrdə vurduqları qollarla ümumi hesabı xeyirlərinə dəyişə biliblər. Beləcə, 2:2 hesabıyla bitən matçın yekununda Zaqreb “Dinamo”su ÇL-lə vidalaşıb. Futbolçumuzun komandası mübarizəni Avroliqada davam etdirəcək.

Qeyd edək ki, Mahir AEK-lə cavab matçının iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də – ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün həmin oyun təxirə salınmışdı. Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişmişdi. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılmışdı. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar vermişdi. UEFA-nın qərarı ilə ilk matç avqustun 15-də Zaqrebdə oynanılmışdı, cavab görüşü isə bu günə təyin edilmişdi.

Xəbəri istədiklərinizlə paylaşın