Ötən mövsüm uğur qazana bilmədiyi üçün bu yay heyətində ciddi islahatlar aparan “Zirə” daha bir transferi rəsmiləşdirmək üzrədir.
Arena.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi “Qəbələ”nin müdafiəçisi Ruan Renatonu heyətinə qatmağa hazırlaşır.
Əyalət klubunun əksər futbolçuları kimi, Renatoya da daha ciddi təkliflər var. Onlardan ən cəlbedicisi isə zirəlilərdən gəlib. Ruan “Qəbələ” ilə əlaqə saxlayaraq digər variantı ön plana keçirmək məcburiyyətində qaldığını deyib. Güman ki, əyalət klubu onu fikrindən daşındıra biləcək yeni təklif irəli sürə bilməyəcək. Renato artıq növbəti mövsümdə qəsəbə təmsilçisində oynamağı qərara alıb.
Xatırladaq ki, daha öncə əldə etdiyimiz məlumatda Ruan Renatonun “Qəbələ”də qalmaq üçün 140 min avro tələb etdiyi bildirilirdi. Klub isə görünür onun bu istəyini qarşılaya bilməyib.
Ruan Renato “Qəbələ”yə 2021-ci ilin avqustunda azad agent kimi gəlmişdi. 29 yaşlı müdafiəçi bu komandada 72 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Braziliyalı oyunçu daha öncə “Ponte Preta”, “Fiqeyrense”, “Yuventude”, “Austriya” (Vyana), “Vitoriya” və “Botafoqo” kimi klubların da uğurları üçün çalışıb.
“Zirə” isə bu yay fasiləsində hələlik Məqsəd İsayevlə (“Qəbələ”) İsmayıl İbrahimlini (“Qarabağ”, icarə) transfer edib, Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə yeni müqavilə bağlayıb. Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye isə komandadan ayrılıb.


