“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-offunda “Olimpiya”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq. Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Bakıdakı cavab qarşılaşmasına daha ciddi hazırlaşacağıq”.
Baş məşqçi qələbədə vacib rol oynayan məqamlara toxunub: “Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib amil kimi bunu qeyd edərdim”.
Qurban Qurbanov künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib. O, oyunu standart vəziyyətlər üzərində qurmadıqlarını vurğulayıb: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.
Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İkinci oyuna saat 20:00-da start veriləcək.


