“Olimpik” (Marsel) – “Levski” (Sofiya) oyununda azarkeşlər arasında baş vermiş qarşıdurma nəticəsində 11 Bolqarıstan vətəndaşı xəsarət alıb.
Arena.az xəbər verir ki, Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində ötən gecə Fransanın Marsel şəhərində təşkil edilmiş bu qarşılaşmadan öncə və oyun zamanı azarkeşlər arasında qarşıdurma yaranıb.
Hadisə “Velodrom” stadionunda yaşanıb. “Olimpik” azarkeşlərinin “Levski” tərəfdarlarının olduğu sektora hücum etdiyi, tribunaya butulka, fişəng və partlayıcı vasitələr atıldığı bildirilir.
Yaralananların heç birinin vəziyyətinin ağır olmadığı açıqlanıb. Onlardan biri hələ də xəstəxanada müalicə olunur. Daha iki azarkeş aldıqları xəsarətlər səbəbindən gecəni Marseldə keçirib.
Məlumata görə, qarşılaşmanı izləmək üçün Bolqarıstandan çarter reysi ilə gələn təxminən 50 “Levski” azarkeşi hücuma məruz qalıb. Hadisə ilə bağlı yayılan görüntülərdə maskalı şəxslərin azarkeşlərə hücum etdiyi görünür.
Bolqarıstanın Liondakı baş konsulu Nadya Jivkova-Vaneva bildirib ki, Fransa polisinin məlumatına əsasən, hadisələrlə bağlı heç bir Bolqarıstan vətəndaşı həbs edilməyib. Polis əməkdaşları stadionda və xəstəxanalarda olan bolqar azarkeşlərə təhlükəsizlik müşayiəti göstərib.
“Levski”nin icraçı direktoru Daniel Borimirov isə UEFA-nı tədbir görməməkdə ittiham edib. Onun sözlərinə görə, yüksək riskli olduğu əvvəlcədən məlum olan qarşılaşmada lazımi təhlükəsizlik tədbirləri görülməyib.
Qeyd edək ki, qarşılaşma öncəsi “Levski” azarkeşləri üçün ayrılan bilet kvotası 3400-dən 500-ə endirilmişdi.
Hadisə ilə bağlı UEFA-nın İntizam Komitəsinin qərarı gözlənilir. “Olimpik” üçün mümkün sanksiyalar arasında maliyyə cəriməsi, “Velodrom” stadionunun azarkeşlər üçün qismən və ya tam bağlanması, həmçinin avrokuboklardan şərti uzaqlaşdırılma variantları var.
Yeri gəlmişkən, Bolqarıstanın Xarici İşlər Nazirliyi də Marseldə futbol matçı zamanı 11 Bolqarıstan vətəndaşının yaralanması ilə nəticələnən hadisənin tam araşdırılması tələbi ilə Fransaya nota göndərib.


