“Xilasedici” ÇL-ə Lyublyanada vida etdi

Azərbaycanın “Xilasedici” komandası kişi voleybolçular arasında CEV Çempionlar Liqasının 2026/2027 mövsümündə mübarizəni dayandırıb.

Arena.az xəbər verir ki, bu gün ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan təmsilçisi Sloveniyanın “ACH Volley Lyublyana” komandası ilə cavab qarşılaşmasına çıxıb. Lyublyanadakı “Tivoli Hall”da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə slovenlər 25:23 hesabı ilə qalib gəliblər. Təmsilçimiz ikinci setdə 25:23 hesablı qələbə ilə hesabı bərabərləşdirsə də, sonrakı iki hissədə rəqibinə 15:25 və 18:25 hesabları ilə uduzub.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyunda da “ACH Volley Lyublyana” 3:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki görüşün nəticəsinə əsasən Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb.

“Xilasedici” avrokuboklarda çıxışını CEV Voleybol Kubokunda davam etdirəcək. Təmsilçimiz 1/16 final mərhələsində Serbiyanın “Srvena Zvezda” kollektivi ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının əvvəlki təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” klubunu mübarizədən kənarlaşdırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: